28 Şubat 2024 Çarşamba

Geyinməyə heç nəyim yoxdu deyirsənsə...


Əgər dünya qədər paltar alırsansa və hələ də geyinməyə heç nəyim yoxdu deyirsənsə, bu məqalə sənin üçündü. Bəs, heç düşünmüsünüz, niyə hər dəfə geyinməyə heç nəyim yoxdu deyə düşünürsünüz? Hər ay paltarlara nə qədər pul tökürsünüz, lakin geyinməyə heç nəyim yoxdu düşüncəsi bizdən əl çəkmir. Bu maqələdə bu problemlə niyə qarşılaşırıq haqqında yazacağam.
Geyinməyə heç nəyim yoxdu deyirsənsə


Niyə geyinməyə heç nəyim yoxdu?


1. Ancaq sürətlə dəyişən dəb ilə geyinirsən. Hazırda nə dəbdədi, ancaq onu alıb geyinirsən. Məsələn, ancaq crop toplar dəbdədir, onu alırsan, ancaq geniş kəsimli pencəklər dəbdədir, onları seçirsən və s. Bütün bunlar geyinməyə heç nəyim yoxdu probleminə gətirib çıxarır.
Tövsiyyə: Hansısa paltarı bəyənəndə, düşünün bunu 6 ay sonra da geyinə biləcəyəmmi? Bu düşünmədən etdiyiniz alış-verişi yavaşladacaq. Əgər paltar sifariş edirsinizsə, paltarları 2 gün səbətdə saxlayın, əgər onları hələ də 2 gün sonra istəyirsinizsə, o zaman alın.

2. Klassik geyimlərdən sadə, bəyəndiyiniz paltarlara investisiya edin. Klassik geyimlər zamansız paltarlardır, onları bu gün də geyinə bilərsiniz, 5 il sonra da. İstənilən vəziyyətdə (xüsusi gün və ya adi gün üçün) klassik geyimlər sizi qurtara bilər. Hətta dəbli geyimlərinizi klassik geyimlərinizlə də birləşdirə bilərsiniz ki, geyinməyə heç nəyim yoxdu tamam itəcək.

via GIPHY


3. Keyfiyyətsiz məhsullar almaq başqa bir səbəbdir ki, geyinməyə heç nəyim yoxdu deyirsiniz. Tez gedib ucuz görünən, 2 dəfə yuyulanda dağılacaq məhsul almaq yerinə pul yığın və daha keyfiyyətli məhsullar alın ki, ömürləri uzun olsun.

4. Bəzi insanlar var ki, düşünür paltarı çox geyinəndə gözündən düşür. Ona görə dayanmadan çox paltar alır və yenə geyinməyə heç nəyim yoxdu deyir. Bu cür düşünən xanım və bəylərə tövsiyyəm odur ki, paltarlarınızı bir müddət geyinin, daha sonra bir kənara yığışdırın, digər paltarları geyinin, daha sonra geyindiklərinizi yığışdırın, qırağa qoyduqlarınızı geyinin və bu cür davamlılıqla həm maddi, həm mənəvi daha rahat olacaqsınız.

5. Sadə paltarlarınız yoxdur. Üstü ancaq şəkilli, qaşlı və s. paltarlarınız var ki, harasa gedəndə onları necə geyinəcəyinizi bilmirsiniz. Məsələn, sadə bir ağ köynəyiniz olsa, o sizi istənilən vəziyyətdə qurtara bilər. Çox sevdiyiniz sadə bir cins şalvarı istənilən tərzdə (həm çox dəbdəbəli köynəklə xüsusi yerə, adi bir köynəklə günlük kombində) istifadə edə bilərsiniz.

6. Geyinmədiyiniz paltarları saxlayırsınız. Bəlkə də sizdə xatirəsi var və ya başqa bir səbəb, lakin onlardan qurtulmalısınız, həm artıq yer və enerji tuturlar, həm də təcili vaxtlarda o qədər paltar içində seçim etmək də çətin olur.

7. Gələcək üçün paltarlar almaq. Arıqlayanda geyinəcəyəm, kökələndə geyinəyəcəm və beləliklə o qədər pul xərcləyirsiniz ki, hazırda geyinməyə paltar almaq üçün pul qalmır. Unutmayın, paltarlar geyinilmək üçündü, saxlanmaq üçün deyil.

Geyinməyə heç nəyim yoxdu problemi ümid edirəm, bu məqalə ilə son tapacaq. Mən xüsusilə sadə paltarlara investisiya etməklə, nəhayət, bu düşüncələrdən qurtuldum. Nəhayətində, "az çoxdur" və "sadəlik özündə gözəllik və eleqantlıq daşıyır". 

Hiç yorum yok:

Yorum Gönder